ASCO-nun “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub. Bu hadisəylə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.
ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci “Handysize” tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan “Murovdağ” bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.


