Dünən ölkə üzrə orta məktəblərdə növbəti buraxılış imtahanı keçirildi. Sosial şəbəkələrə qısaca nəzər yetirmək kifayət edir ki, sualların bərbad hazırlanmasının şahidi olasan. Doğrudanmı Dövlət İmtahan Mərkəzinə bir il kifayət etmir normal suallar hazırlasınlar? Fəaliyyətləri nədən ibarətdir, il ərzində 1 dəfə imtahan üçün doğru-düzgün sual ortaya qoya bilmirlərsə? Facebook valideyn, müəllim, şagird narazılığı işə dolub-daşır. Rapor.az DİM-dən narazılığın bir qismini təqdim edir:
Valideyn Simran Şirinov yazır…
“Azərbaycan dilindən mətn elmi publisistik bir səhifə, riyaziyyat blok sualları,dinin buraxdığı vəsaitlər nəyə lazım?O qədər pul tök uşaq əziyyət çəkib gecə gündüz oxusun yazsın heç biri o kitablardan düşməsin, yaxşı tapıblar türk dilindən mətni çevirib salıblar imtahana, lənətə gəlmişlər”.
Müəllim Leyla Seyranzadə: “Mart ayının 5 də övladım imtahan verib, eyni zamanda bir müəllimə kimi sizinlə tamamilə razıyam”.
Təlimçi müəllim Mahirə Nuriyeva: “DİM-ə olan inamım, güvənim sonsuz idi. Çünki bu qurumda imtahan verib tibb texnikumunda, daha sonra isə BDU-nun kimya fakültəsində təhsil almışam. Bacım 2002-ci prezident təqaüdünə layiq görüldü. Uzun sözün qısası çevrəmdə düzgün yolla tələbə adını qazananlar saysız-hesabsızdır.
Amma son imtahanlarda olan sual problemi məni çox sarsıdır. Həm şagirdlərimiz həm də 9-cu sinifdə imtahan verəcək övladım üçün çox narahatam. Axı niyə belə qeyri-müəyyən tapşırıqlardan istifadə olunur? Onsuz da məktəbdə reallaşdırılması tələb olunan fənn kurikulumları üzrə standartların tələbləri bu tapşırıqlarda tam ödənmirdi. Belə sualların da olması şagirdləri imtahanda hansı psixoloji hala salmasını niyə düşünmürük? Bəs uşaqlara şəxsiyyət kimi yanaşma harda qaldı?
Bəs DİM-in imtahana gedəcək uşaqlara dəstək məqsədilə təşkil etdiyi psixoloji məşğələlərin faydası nə olacaq? Bir halda ki, uşaq imtahanda qeyri-müəyyən sualın üzərində gərginlik, stres yaşayacaqsa.
Çoox təəssüf…”
Valideyn Fəridə Aslanova: “Uşaq da anası kimi üsyankardır. Ayağını yerə dirəyib ki, dünənki buraxılış imtahanı ilə bağlı apellyasiya komissiyasına müraciət edəcəm.
Deyir ki, ana, bu sual səhvdir. Hər şeyi düsturla (a²+b²+c²=d²) həll edəndə cavab 7 alınır. Amma parallelepipedin diaqonalı 7 olsa, tilin biri 0 olacaq. Bu isə mümkün deyil. Tilin uzunluğu 0-dan böyük olmalıdır.
Düzgün cavab: “Belə bir fiqur mövcud deyil” olmalıdır. Amma testdə bizdən onun olub-olmadığını deyil, həllini istəyirlər…
Uşaq dünəndən yatmayıb. Bir sualın qoyuluşunun səhv olduğunu deyir.
Cəhənnəmə olsun bunların təhsili də. Uşağımın əsəbləri pozuldu. Mən idi başa düşdüm ki, ölkədə insanların ömrü niyə gödəkdir. Hamı bir-birinin dərdini, problemini çəkə-çəkə qum dənəsi kimi hissə -hissə parçalanır, ovulub tökülür…”.
Elnurə