Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində dənli-taxıl, o cümlədən buğda bitkisinin əhəmiyyəti böyükdür. Lakin buğda bitkisi çoxsaylı xəstəlik törədiciləri, zərərvericilərlə sirayətlənirlər. Buğda bitkisində 5 növ sürmə xəstəliyinə rast gəlinir, yalnız hind sürməsi- Tilletia indica ölkəmiz üçün xarici karantin obyektidir. Qalan 4 sürmə növü- toz, gövdə, cırtdan və bərk vəya iylənən sürmə müəyyən qədər bu və ya digər bölgələrdə rast gəlinir. Bərk və ya iylənən sürmə son illər buğda əkinlərimizdə daha geniş yayılmağa başlamışdır. Bu xəstəliyi həm təsnifat, həm də simptomoloji baxımdan bir-birinə yaxın 2 göbələk növü törədir: Tilletia caries (DC) Tul. və Tilletia laevis Kuehn.
Novlər yalnız teliosporların morfoloji əlamətlərinə görə fərqlənirlər. Hər iki növə aid olan teliosporlar toxumlarda və torpaqda saxlanılır.Səpindən sonra teliosporlar cücərir, haploid bazidisporlarla bazidilər formalaşdırır. Bazidisporların mayalanmasından sonra əmələ gələn dikariotik infeksion hiflər buğda cücərtisinə daxil olur. Belə diffuz yoluxmuş cücərtilərlə bərabər göbələk də yayılır və yalnız buğdanın süd yetişmə fazasında xəstə dənləri əzərkən ağ süd əvəzinə 3 metil amin iyi verən kirli maye çıxır. Xəstəliyin iylənən sürmə adı da bu əlamətə görədir. Buğdanın tam yetişmə fazasında isə xəstə dənləri əzərkən qara sürmə kisələrindən ibarət teliosporlar çıxır. Ədəbiyyat məlimatları və əməkdaşlarımızın təcrübələrinə əsasən biçin ilə səpin arası müddət 2.5-3 ay olarsa, torpağa tökülən teliosporlar infeksiya mənbəyi ola bilmir, torpaqda məhv olurlar. Beləliklə, kombaynla biçin zamanı barabana dəyib dağılan və buğda dənlərində adi gözlə görünməyən tükcüklərə ilişib qalan teliosporlar infeksiya mənbəyi rolunu oynayır.
Torpaqda teliosporların kütləvi cücərməsi 40-60%~ lik nisbi rütubətdə baş verir. Gec əkinlərdə bu xəstəliyin kütləvi əmələ gəlməsi də onunla bağlıdır. 5-20C temperatur isə xəstəliyin kütləvi yayılmasına zəmin yaradır. Xəstəlik törədicilər dənlilər fəsiləsinə mənsub olan tritikale, arpa, çovdar və s. yoluxur.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
1. Yüksək aqrofon təmin edilməli, torpaq işıənməli, bioloji yetişkənliyə çatmalı, torpağın tələbatına uyğun makro və mikro gübrə normalarına əməl edilməli, səpin norması və müddəti güzgün nizamlanmalı, növbəli əkinə dönmədən əməl edilməlidir. Müasir suvarma üsullarından istifadə suya qənaət etməklə, onların su ilə təminatına faydalıdır.
2. Sürmə xəstəliklərinə qarşı bitkilərin vegetasiya müddətində xəstəliklərin xarakterinə görə fungisidlərdən istifadə edilmir. Lakin səpindən əvvəl toxumların dərmanlanması ən əhəmiyyətli tədbirlərdəndir. Səpindən 1-2 ay əvvəl və ya səpinqabağı aşağıdakı toxum dərmanlarından biri tətbiq edilə bilər: TMTD- 1,5-2,0 kq/ ton; Vitavaks- 3l/ ton; Divident- 2 kq/ ton; Premis- 1,0-1,5 kq/ ton; Raksil- 0,4-0,5 l/ ton.
Ölkəmizdə toxumları dərmanlamaq üçün digər preparatların da tətbiqinə icazə verilə bilər, bu məsələləri aqronom tənzimləməlidir.
Akademik İbrahim Cəfərov